
ELBARİZ MƏMMƏDLİ
Yenə sular bulanıb, yenə hədəf Qarabağ,
Yenə can Vətənimiz çəkilir, qana sarı.
Bəs deyilmi söküldü, inci sədəf Qarabağ?
Qoymurlar sağalmağa, torpağın yaraları.
BİR SƏSSİZ YÜRÜŞ DƏ VAR
Yenə sular bulanıb, yenə hədəf Qarabağ,
Yenə can Vətənimiz çəkilir, qana sarı.
Bəs deyilmi söküldü, inci sədəf Qarabağ?
Qoymurlar sağalmağa, torpağın yaraları.
Zirvələnən dağların buludları sıxlaşıb,
Yad nəfəslər dolaşır, yenə bərədə, bənddə,
Neçə ümidə bağlı arzuları ağlaşıb,
Tükənib hövsələ də daha şəhərdə, kənddə.
Hələ açammamışıq çox xəyanət izini,
Düşmənə can verirlər, içimizdən xainlər.
Yadların əllərinə dikib hələ gözünü,
Vətən satmaq naminə özgəyə arxayınlar.
İstismarın cəngində qul olub qalanlar var,
Yadlara at yemləyən köhnə mehtərlər qalıb.
Öz qanını satmağahazır olan, qanlar var,
Hələ də aramızda əliheydərlər qalıb.
Savaşda can vermişik, gözümüzü yaş tutub,
Gülə-gülə gedirkən, mübarək ölümlərə.
Dünyanın nə vecinə, sinəsində daş tutub,
İndi artıq bilirik, kim meylli kimlərə.
Daha qarışıb hər şey, başı , ayağı yoxdu,
Başı olan, qulunu savaşa körükləməz.
Görünür bu dünyanın gözünün ağı yoxdu,
Olsa, divlər həyatı zülmətə sürükləməz.
Başlar elə qızışıb, silah bazarlarında,
Atılan güllələrdən ölən hesaba düşmür.
Haqq çoxdan güllələnib, Qarabağ dağlarında,
İllərdi ədaləti dəftər-kitaba düşmür.
Dost olan bunca xain, qonşu qəsbkar olmaz,
Həyatı yaşamağa hər kəsin öz payı var.
Niyə eşitmirsiniz, qulaq haqqa kar olmaz,
Bu yurdun bir yaralı Qarabağ harayı var.
Millət ayaqlanıbsa, önündə dağ çökəcək,
Nə olsun, bu dərdlərin çox görmüşük, üzünü.
Bir səssiz yürüş də var, addımı yer sökəcək,
Bütün ürəyimizi bu dalğaya vermişik.
Qarabağ göylərini alıb yenə buludlar,
Oynayır ortalıqda neçə iqlim qurşağı.
Hünər öz yerindədi, nə olsun ki, həmlə var,
Türk haqqın elçisidi, Tanrı Türkün dayağı.

YOLUNDA
Könlümüzdən nələr keçir, bilirik,
Savaş qalıb nələr, nələr yolunda.
Bu dünyada çox arzular puç olub,
Boşa keçən qərinələr yolunda.
Vüsalına divanələr çatmayıb,
Qurd ulayıb, şərin yolun tutmayıb,
Doğan günəş bir azca gec batmayıb,
Od istəkli pərvanələr yolunda.
Boynumuzda neçə yurdun töhməti,
Əsarətə girov düşüb zəhməti,
Daşıyırıq sinəmizdə möhnəti,
Bu dünyanın gedər, gələr yolunda.
Ruhumuzun sərhədsizdi məkanı,
Kim əkibdi yolumuza, tikanı?
Bu gəminin əldən çıxıb sükanı,
Qalıbdı yad tərsanələr yolunda.
Ulusumdan başlayıbdı çağ, mənim,
Duman mənim, zirvə mənim, dağ mənim,
Dəryaların fatehiydi yelkənim,
Var olmağa nişanələr yolunda.
Qar üzündə qan izi var o dağın,
Əllərinə həsrət qalıb, bu dağın,
İçimizdə pöhrələnən budağın,
Yüz illərdi qaldıq mələr, yolunda.
Ürəyimiz arzuların dəryası,
Dilimizdə ulu Tanrı duası,
Bu millətin TURAN adlı sevdası,
Bir gün gülər, bir gün gülər, yolunda.

BUQƏLƏMUN KİMİ
Ağıl öyrədirlər adama,
ağıl ee,
nağıl danışırlar adama,
nağıl ee.
Belə danışma, elə yazma, deyirlər,
filankəs pis adamdı,
qulaq asma, deyirlər,
bu qoltuq ağacları,
bu tamah nökərləri,
şöhrət, şəhvət qulları.
Özlərinə gedib ağılları,
yaşın iyirmisindən yedəklərdə
pillə qalxalar,
ətəklərdən qırıntı yeyib,
hamıya qara yaxalar,
istədiklərini söyələr,
hamıya «agıl» dərsi deyələr.
Bilmirlər ki,
yetmiş illik qanlı sovet əsarətindən
diri çıxanlar,
ətək üzü tanımazlar,
yedək üzü tanımazlar,
hər yetənə irişən
sürtük üzü tanımazlar.
İndi gec gəlib tez öyrənənlər,
həyatı yaşamağı
arsız, abırsız öyrənənlər,
insanlığı sirr olanlar,
hazıra nazir olanlar,
hamıya yaşamaq öyrədirlər,
buqələmun kimi…

YOL Kİ, VAR, SƏN ÇƏKDİYİNDİ
Bir yol başlanacaq, — uzun,
Daha həsrət donur, bala.
Yüz illərdi bu istəklə,
Ürəyimiz yanır, bala.
Bir sönməz eşqə ünvanıq,
Eşqə saray yaradanıq,
İzimiz dünyaya tanıq,
Ruh özünə dönür, bala.
Yol ki, var, sən çəkdiyindi,
Gül ki, var, sən əkdiyindi,
Tanrı sənin təkliyindi,
Yad olan nə qanır, bala.
Yer üzündə hürr yoxdusa,
Haqq vuran möhür yoxdusa,
O yurdda hüzur yoxdusa,
Anır, səni anır, bala.
İtirib izini Çölün,
Sulara qarışıb, gölün,
Ay hər gecə həsrət elin,
Başına dolanır, bala.
Özünü gərib ulayır,
Dərdini sərib ulayır,
Qurd necə qərib ulayır,
Həsrətdən usanır, bala.
Yola çıx ki, yolun olsun,
Tabın olsun, halın olsun,
Dönüşün vüsalın olsun,
Qayıdış başlanır, bala.

