Bizə müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xətai rayon şöbəsinin sədr müavini, döyüşlərdə qəhrəmanlıqla döyüşmüş veteranımız Əhli Həbulla oğlu Həbiyevin gününü həqiqi mənada Xətai rayonunda həyata keçirilən “Ağ şəhər” layihəsi «qaraldıb».
Elə ona görə də Əhli Həbiyev ağ kağızları başına gələn qanunsuzluqlardan şikayətlə «qaraldıb» yazmadığı ünvan qalmayıb. Hələ ötən il müharibə veteranımızın və onun kimi haqqı pozulmuş vətəndaşlarımızın şikayətini yazmış və video süjet hazırlamışdıq. Lakin yaxşılığa doğru dəyişən heç nə yoxdur.

Üstəlik, 44 günlük Vətən müharibəsi günlərində Əhli Həbiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) «Orduya Dəstək» kampaniyası çərçivəsində döyüş bölgəsində olarkən (2020-ci il, oktyabr) Xətai İcra Hakimiyyətinin I müavini Etibar Əhmədov zəng edib harada olduğunu soruşur. Əhli Həbiyev, ordumuzun zəfər yürüşündən ruhlanaraq «dağlardayam və Şuşa alınanda qayıdacağam»- deyə cavab verdiyini deyir. Bu cavabı eşidə-eşitməz bütün bu qanunsuzluqlarda hələ keçmiş icra başçısını vaxtında «baş rol» alan Etibar Əhmədov döyüş bölgəsində olan Əhli Həbiyevin evinin hasarını traktorlarla dağıdır.
Zərərçəkən durumuna salınan Əhli Həbiyev deyir: «Biz hamımız Ali Baş Komandan cənab İlham Əliyevin əsgərləriyik. O, dəfələrlə sökülən evlər barədə lazımi tapşırıq və göstərişlərini verib. Biz prezidentimizin dediyi kimi haqqımızın hesablanmasını tələb edirik. Yoxsa 300 kv.m sahəyə 80 min təklif edənlər bizi axmaq hesab edir?

Razim Məmmədovun da qohumu olan Əvəz İsmayılov mənim evimi 123 kvadrat ölçmüşdü. Ancaq heç öz ölçülərinə uyğun da kompensasiya vermirdilər. Rafiq müəllim icra başçısı təyin edildikdən sonra evim yenidən ölçüldü və real olaraq 213 kvadrat olduğu təsdiqləndi. Razim Məmmədov burada çox adamı aldatdı. Onunla bu oyunlarda iştirak etmiş Etibar Əhmədov hələ də onun əməllərini davam etdirir. Xahiş edirik bir müharibə veteranı kimi mənim haqq səsimi aidiyyatlı orqanlara çatdırın. İllərdir ki, məmur özbaşınalığına məruz qalmış uçuq evdə 5 nəfər ailə üzvü ilə birlikdə yaşayırıq. Hər an səksəkə içindəyik. Görün işin nə yeridir ki, haqqı ödəmək əvəzinə bizi konstusiya zidd şəkildə, yaşamaq hüququmu pozanlar məhkəməyə verib evimi dağıtmaq istəyirlər. İstəyirlər ki, törətdikləri qanunsuzluqların izlərini itirsinlər. Mən bir müharibə veteranı kimi öz Komandanıma inanıram. Bəzi məmurlar bu inamı sarsıtmağa çalışırlar».
Yeni çəkiliş materialımız hazırlandığına görə 31 avqust 2020-ci ildə yayınladığımız kadrları diqqətinizə çatdırırıq. Çünki dəyişən bir şey yoxdur…
P.S. Qarşı tərəfin məsələyə münasibətini dərc etməyə hazırıq və cavab gözləyirik.
Elnur Səlim
Video material 31 avqust 2020-ci ildə hazırlanıb (Veteran tv):
