SƏFƏVİ SİMVOLİKASI SİLSİLƏSİNDƏN – SİMURQ

Səfəvi simvollarından biri də əfsanəvi Simurq quşudur. Bu rəmz həm Səfəvi dövrünə aid miniatür və xalçalarda, həm də Səfəvilərin döyüş bayrağının başlığında əks olunmuşdur.

Astara rayonu Şiyəkəran kənd sakini, orta məktəb müəllimi Yunus Qulamovun evində qızılbaşların məşhur bayraq başlığı – Səfəvi ələmi saxlanılır. Həmin ələmin birinci və beşinci “barmaqları” quş başı şəklindədir. Lakin bunlar adi quşların başları deyil. Bir-birinin təkrarı olan hər iki quşun dişləri vardır. Bu isə onu göstərir ki, Səfəvi ələminin əsas elementlərindən biri məhz Simurq quşudur.

Haşiyə. Şiyəkəran kəndinin adı talış dilində “şiə kon” (şiə evi) formasındadır. Zənnimizcə, Azərbaycan dilindəki “koma” (ev), çuvaş dilindəki “xume” (hasar), ingilis dilindəki “home” (ev), tacik dilindəki “xona” (ev) və talış dilindəki “kon” (ev) sözlərinin mənşəyi eynidir.

Orta pars dilində Simurqa “Senmurv”, tacik dilində isə Azərbaycan dilində olduğu kimi “Simurq” deyilir. Özbək, qazax, tatar və başqırd miflərində o müvafiq olaraq “Semurq”, “Samurık”, “Semruq” və “Samrau” adlanır. “Samrau” (Simurq) başqırd dastanlarının əsas obrazlarından biridir. Gün və Ay onun həyat yoldaşlarıdır. Samraunun Gündən Humay, Aydan isə Ayxılu adlı qızları vardır. Samrau ölkəsində bərabərlik və qardaşlıq hökm sürür. Orada insan insanı istismar etmir. Adamlar bütün məsələlərə şüurlu yanaşırlar. Heç kim var-dövlət sahibi olmağa çalışmır. Bu ölkədə ölüm hökmü yoxdur. Ən ağır cəza vətəndən qovulmaqdır. Sözsüz ki, Samrau ölkəsi haqqında miflər, əslində, qədim türklərin ideal cəmiyyət barədə təsəvvürlərindən doğmuşdur. Nüfuzlu başqırd tarixçisi Zakiryan Qalimyanoviç Aminev hesab edir ki, qədim türklər Samrau adı altında səmanı, göyü nəzərdə tuturdular.

Haşiyə. Ərəb dilində göyə, göy qübbəsinə “səma” deyilir. Ehtimalımıza görə, Samrau–Semruq sözünün “rau”–“ruq” hissəsi isə ərəb dilindəki “ruh” (ruh, can) və “rauzə” (Cənnət bağı), rus dilindəki “ray” (Cənnət bağı), ingilis dilindəki “ray” (şüa), fars dilindəki “ruşən” (işıqlı), mordov dilindəki “riz” (xoşbəxtlik) sözləri ilə eyni kökə malikdir.

Fikrimizcə, Simurq sözü və Simurq quşunun təsviri “Səmavi Ruh” barəsində dini təsəvvürün ifadə formalarıdır. Xristianlıqdakı üç üqnumun üçüncü sifəti (hipostazı, şəxsi) olan “Müqəddəs Ruh”un simvolunun göyərçin olması onunla Səfəvilərin Simurq rəmzi arasında əlavə bir bənzərlik yaradır.

Yeri gəlmişkən, müqəddəs “Qurani-Kərim”in “Nəhl” surəsinin 102-ci ayəsinə nəzər salaq: “De: Müqəddəs Ruh onu sənin Rəbbindən haqq olaraq tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin, müsəlmanlar üçün hidayət və müjdə olsun”.

Əhəmənilər dövründə Simurqu quşa, Sasanilər dönəmində isə köpəyə oxşar varlıq kimi təsvir edirdilər. Sasanilərin gerbində qanadlı köpək təsviri olmuşdur. Hesab edilir ki, həmin qanadlı köpək Simurq quşudur. Qədim slavyanlar isə qanadlı köpək şəklində təsəvvür etdikləri “Simarql” adlı mifoloji varlığa tapınırdılar.

Əski əsatirlərə görə, Qaf dağında yaşayan xoşbəxtlik quşu Simurq yer üzünə yağış və bərəkət bəxş edir. Qaf dağını bəzən Qafqaz (ən uca zirvəsi – 5642 metr), bəzən isə Elburs dağları (ən uca zirvəsi – 5609 metr) ilə eyniləşdirirlər. Qafqaz sıra dağlarının bir hissəsi Azərbaycana düşür. Həmçinin Elburs dağının da üç hissəsindən biri – Talış dağları Azərbaycan ərazisindədir. Qafqaz sıra dağlarının ən uca zirvəsinin adı Elbrusdur. Göründüyü kimi, İranın şimalında, Azərbaycan Respublikasının isə cənubunda yerləşən dağ silsiləsinin Elburs adı ilə Şimali Qafqazdakı zirvənin Elbrus adı bir-birinə bənzəyir. Elbrus dağını Qaraçay-balkarlar “Mingi tau” (Əbədi dağ), kabardinlər “Oşxamaxo” (Xoşbəxtlik dağı), adıgeylər “Kusxemaf” (Xoşbəxtlik dağı) adlandırırlar. Burada xatırlatmaq yerinə düşər ki, tatar dilindəki Semruq sözünün “ruq” hissəsi ilə mordov dilindəki “riz” (xoşbəxtlik) sözü arasında, ola bilsin ki, doğmalıq vardır.

Bunu da qeyd etmək lazımdır ki, Simurq quşu dünyanın yaradılışını və təkamülünü ifadə edən, yerlə göyü bir-birinə bağlayan, bütün dinlərdə və xalqların əksəriyyətinin mifologiyasında əsas obrazlardan biri olan, “Tövrat”da, “İncil”də, müqəddəs “Qurani-Kərim”də xatırlanan “Həyat ağacı” ilə sıx bağlıdır. Bəzi rəvayətlərdə isə onlar hətta eyniləşdirilir.

P.S. “Həyat ağacı” həm də Tanrı tərəfindən seçilmiş və üzərinə müəyyən bir missiya qoyulmuş nəsli, ailəni simvolizə edir.

Müəllif: Milli Kimlik Araşdırmaları qrupunun üzvü Araz Şəhrili

Bu xəbəri paylaşın:
  • 176
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •