Göygöl veteranları şəhid Əsəd İsgəndərovun Anım tədbirində iştirak ediblər

Şəhid İsgəndərov Əsəd Bəybala oğlunun anım günü münasibəti ilə məzarı ziyarət edildi. Şəhidimizin əziz xatirəsi yad edildi və qəbri önünə gül dəstələri qoyuldu.

Anım günündə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin üzvləri və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə mədəniyyət müəssisələrinin kollektivi iştirak etdi.

Bu barədə sosial şəbəkədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov məlumat yayıb.

Əsəd Bəybala oğlu İsgəndərov 1990-cı il oktyabr 27-də Göygöl rayonunun Topalhəsənli kəndində anadan olub.

Azərbaycan Ordusunun giziri olan Əsəd İsgəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə savaşıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mətinlik və mərdlik nümayiş etdirmişdir.

Əsəd Bəybala oğlu İsgəndərov oktyabrın 2-də Füzuli döyüşləri zamanı qəhrəmancasına şəhid olub. Göygöl rayon Şəhidlər Xiyabanında dəfn olunub.

Şəhidimiz 2016-cı il Aprel döyüşlərində də qəhrəmancasına döyüşüb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əsəd İsgəndərov ölümündən sonra «Vətən uğrunda» medalı ilə təltif edilib.

Ailəli olub, 2 övladı var.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Bu xəbəri paylaşın: