Abbas Səhhət də qaçqın olub

ŞAMAXI – 1918

(Xatirə)

Hələ indiyə qədər Azərbaycanda bir çox adam elə bilir ki, Şamaxı şəhəri 1902-ci ildə orada baş vermiş zəlzələ nəticəsində dağılıb. Doğrudur, 1902-ci ildə şəhərdə bir çox evlər uçub dağılıb. Ancaq mənim yadıma gələn 1911-18-ci illərdə isə Şamaxı abad bir şəhər idi. Orada təxminən 25 min əhali yaşayırdı. Şəhər əsasən iki böyük hissədən ibarət idi. Şəhərin yuxarı hissəsində hökumət divanxanaları, realnı məktəbi, altıillik şəhər məktəbi, əsgəri qışla, həbsxana, poçt­xana, xəstəxana yerləşirdi. Orada olan əsas küçə Krasnaya ulitsa ad­la­nırdı. Yuxarı hissənin əhalisi azərbaycanlılar, ermənilər və ruslardan ibarət idi.

Şəhərin aşağı hissəsində iki meydan (Aşağı və Yuxarı meydan), bir neçə karvansara,  Başmaqçı, Baqqal, Papaqçı və s. bazarları, Sarıtorpaq, Qalabazar, Şeyxminaz, Yuxarı Qala, İmamlı, Qurdlar və s. məhəllələr var idi. Şəhərin şimal kənarında Cuhudlar məhəlləsi yerləşirdi. Şəhərin aşağı hissəsinin əhalisi azərbaycanlılardan ibarət idi. Şəhərin ən gur yeri Yuxarı Meydan sayılırdı. Bu meydan Cümə məscidindən təxminən 30-40 metr qərbdə yerləşirdi. Ətraf kəndlərdən gələn yüklər burada boşaldılar, qapanda çəkilib alıcılara verilirdi.

O zaman Şamaxıda iki bağ daha məşhur idi. Onlardan birinin adı Fatma bağı, digərinin adı isə Sərdar bağı idi. «Əhlikef», optimist Şamaxı sənətkarları: başmaqçılar, papaqçılar, dərzilər, çarıqçılar və başqaları hər cümə günü bu bağlarda seyrə çıxıb günlərini şadlıqla keçirərdilər. Şamaxıda 1917-ci il fevral inqilabından sonra çar İkinci Niko­layın şəkllərinin küçələrə atıldığı da yadımdadır.

1918-ci ildə bərk aclıq və qaçaq-quldurluq baş verdi. Şəhərdə hər kəs silah almağa çalışırdı. O zaman mənim on iki yaşım var idi. Abbas Səhhətin dərs dediyi Şamaxı realnı məktəbində oxuyurdum. Bir səhər sakit Şamaxı üfüqlərini top səsi sarsıtdı. Top atəşləri şəhərin şimal-qərb hissəsində olan, malakanlar yaşayan Cabani kəndi tərəfindən gəlirdi. Sonra məlum oldu ki, şəhərin qərb və cənub tərəflərində də atışma gedir. Xüsusən şəhərin qərb hissəsində olan Lalayevin mülkündən şəhərə güclü tüfəng atəşi açılırdı. Bizim evimizə yaxın olan Başmaqçı bazarın arxa tərəfindəki məktəbə getdik. Onun həyəti yarılarla dolu idi. Böyüklərdən eşitdim ki, Bakıdan Şamaxıya qoşun dəstəsi gəlib və onun komandiri Stepan (Styopa) Lalayandır. Qocalar danışırdı ki, o şamaxılıdır və onun babasını 1905-ci ildə şamaxılılar öldürmüşdür. Onun öldürülməsinə səbəb aşağıdakı əhvalat olmuşdur.

1905-ci ildə məlum olur ki, Şamaxı bazar meydanlarında bəzi hamballar yoxa çıxır. Bu məsələnin izinə düşən bəzi adamlar müəyyən edirlər ki, Lalayevin adamları şəhər meydanlarına gəlib, bir tay kömür və ya başqa şey alıb hambala verirlər və Lalayevin həyətinə girən hamballar yox olur. Şəhərin bəzi cavanları bu iş üstündə Lalayevi öldürürlər. 1918-ci ildə Şama­xıya Bakı Kommunası tərəfindən göndərilən hərbi dəstənin komandiri həmən qoca Lalayevin nəvəsi, rus zabiti Stepan Lalayev idi. Onun soldatları mağazaları qarət edir və özbaşınalıq edirdilər.

Şamaxılılar həmən gün təslim olub zabit Lalayevin yanına iki nəfər nümayəndə göndərdilər. Onlardan biri Yuxarı Qala məhəlləsinin mollası, digəri isə mənim əmizadəm,  tacir Teymur Yüzbaşov idi. Gedənlərdən məhəllə mollası qayıtdı. Teymur Yüzbaşov isə gəlmədi. Eşitdik ki, onu doğrayıb quyuya tökmüşlər. Sonra yenə eşitdik ki, onun arvadı Nobat xanım və 9 yaşlı oğlu Seyfullanı da güllə ilə vurub öldürmüşlər. Dünyanın heç bir yerində elə qanun yoxdur ki, elçini öldürsünlər. Bəs Teymur Yüzbaşovun öldürülməsinə nə səbəb olmuşdur? Bu haqda Yuxarı Qala məhəllə mollasının verdiyi məlumat maraqlıdır. Onun deməsindən Teymur, Styopa Lalayansla çox cəsarətli danışıb və ona deyib:

– Siz belə qoçaqsınız gedin türk qoşunu ilə vuruşun, əlsiz-ayaqsız, yazıq camaatı qırmaq bir qoçaqlıq deyil.

Bu sözdən sonra Teymuru doğrayıb quyuya tökmüşlər. (Əhsən Bakıdan gələn hökumət nümayəndəsinin belə rəftarına…).  Teymur onsuz da gec-tez bu dünyadan gedəcəkdi. Lakin onun göstərdiyi həmin cəsarət qoy bizə dərs olsun.

Eşitdik ki, Şamaxıya kömək gəlir. Bir-iki gün sonra Bakıdan gələn qoşun və Şamaxının erməni və molakan kəndlərindən onlara qoşulan silahlı dəstələr Qozlu kəndinə çəkildi.

Yaxşı yadımdadır. Kür qırağından, Şəkidən, Gəncədən, Tovuzdan və başqa yerlərdən atlı və piyada xırda dəstələr gəldi. Bu dəstələrdən ən intizamlısı Şəki dəstəsi idi. Demək olar ki, onlar bir növ təlim görmüş dəstə idi. Eyni paltarları var idi və dörd-dörd nizamla addımlayırdılar. Dəstənin dalınca gələn arabalarda onlar öz azuqələrini gətirmişdilər. Onların bayrağı da var idi. Həmin yaşıl bayraq üzərində yazılmışdı: «Ya vətən ya ölüm”. Mən Gəncədən gələn qoşun dəstəsinin Aşağı Meydan karvansarayında qoyulan iki balaca topunu gördüm. Bu dəstə aşağı İmamlı məhəlləsində Salamovların evində yerləşmişdi. Ora gedib-gələn adam çox idi. Biz uşaqlar da ətrafda hərlənirdik.O zaman Şamaxıda türk əsgərlərinin köməyi ilə 60-70 nəfərdən ibarət silahlı bir dəstə yaradıldı. Hər axşam üstü bu dəstə Qalabayırına (Laləzar qəbiristanlığının ətəyindəki düzənliyə) gəlib, burada təlim keçirdi.

Şamaxıya köməyə gələn silahlı dəstələr, bir gün malakan kəndi Qozluya toplaşan erməni qoşunlarının üstünə getdilər. Lakin onlara bata bilməyib, həmin günün axşamı geri qayıtdılar. Deyilənə görə, həmin vuruşmada Şəki dəstəsindən xeyli adam öldürülmüşdü. Mart ayının axırında Şamaxıya gələn müsəlman qoşun dəstələri şəhəri tərk etməyə başladılar. Deyilənə görə Bakıdan dəmir yolu ilə gələn qoşun Kürdəmiri tutmaq istəyirmiş. Bu baş tutsa idi deməli, Şamaxıdakı müsəlman qoşunları mühasirəyə düşmüş olacaqdı. Buna görə də həm müsəlman qoşun dəstələri, həm də əhali şəhəri tərk etməyə başlamışdı. Axşam saat doqquz olardı. Heç lampanı söndürmədən belə evdən çıxdıq. Bizə belə gəlirdi ki, biz gec-tez yenə ora qayıdacağıq. Mart ayının qaranlıq gecəsində Şamaxı əhli silahları və başçıları olmadığından qoyun kimi küçələrə tökülüb hərə harayasa gedirdi. Bizim ailə Mırtı yolu ilə səhərə yaxın Ağsuya çatdı. Yaxşı yadımdadır yolda dayımın üç yaşında uşağını dalımda xeyli apardığımdan yorulmuşdum. Birdən ürəyim qəşş edib dərəyə yıxıldım. Kimsənin məndən xəbəri olmamışdı. Çünki nə atam, nə anam var idi. Bir neçə saatdan sonra ayılıb, gedib dayımın ailəsini tapdım. Onlar məscid həyətində idilər. Səhəri günü yenə piyada Kürdəmirə yola düşdük. Yolda qaçaqlara rast gəldik. Heç bir şeyimiz olmadığından onlar kor-peşman çıxdıqları körpünün altına gedib gizləndilər. Sonra biz və başqa qaçqınlar yük vaqonu ilə Qarasu stansiyasına gəldik. Ordan da Kür qırağına gəlib çıxdıq. Petropavlovkadan (indiki Sabirabaddan) göndərilən barja minib Petropavlovkaya gəldik. Burada qohumlarımız bizi ağlaşma ilə qarşılayıb evlərinə apardılar. Yay aylarında «Qalaqayın bazarı» adlanan yerdə xeyli Şamaxı qaçqını aclıqdan və xəstəlikdən tələf oldu. Əhali burada da qorxu altında yaşayırdı. Müəllimim Abbas Səhhət də qaçqın idi. O, öz ağıllı sözləri ilə şamaxılılara ürək-dilək verirdi.

Xəbər gəldi ki, ermənilər bu gün sabah gəlib bu yerləri alacaq. Yerli Milli komitənin üzvlərindən biri, dayım Kərbalayi Kazım Güləhmədov təcili Gəncə şəhərinə gedib oradan 3 nəfər türk əsiri və bir qədər silah gətirdi. Türk əsirləri yerli gənclərdən dəstələr düzəldib, onlara təlim keçməyə başladılar. Əhalidə öz qüvvəsinə inam yarandı. Sonra xəbər yayıldı ki, Gəncədə Xan Xoyskinin rəhbərliyi altında Azərbaycan hökuməti qurulmuşdur. Bir qədər sonra xəbər gəldi ki, Gəncəyə türk qoşunu gəlib. 1918-ci ilin yayında həmin qoşundan balaca bir dəstə Molla kəndindən Qalaqayın bazarı adlanan yerə gəldi Bütün camaat Kür qırağına toplaşdı. Orada düzəldilmiş ala qapının yanında axund, molla və tanınmış tacirlər dayanıb türklərin yolunu gözləyirdi. Axşamüstü idi. Qabaqda Demosfen barkazı, arxasında böyük bir barj sahilə yan aldı. Barkazdan düşən zabitləri ağsaqqallar qarşılayıb, görüşdülər. Barjdan 20-30 türk əsgəri 5-10 qatır sahilə çıxdı. Eşitdim ki, gələn qoşun başçısı Ramazan bəy adlı türk zabitidir. Əsli dağıstanlı olan Ramazan bəy Türkiyədə zabitlik məktəbini bitirib. Milli komitənin üzvləri Mir Murtuza Mir Möh­sünov, Teymur bəy Abbasov və Kərbalayi Kazım Güləhmədov Azərbaycana köməyə gəlmiş türk qoşununun bu dəstəsinin zabitlərinə yaxşı bir ziyafət verdilər. Bir gün sonra həmin qoşun Kür ilə Salyana köməyə getdi.

Sonradan Şamaxıya gedib-gələnlər danışdılar ki, bizdən sonra həmin Qozlu kəndindən erməni dəstələri şəhərə daxil olmuş, , bir-bir evləri qarət edib, qaçmayan arvad-uşağı qırmış və bütün binalarını yandıraraq tarixi bir şəhəri viranə qoymuşlar.

Bizim ailə 1919-cu ildə Bakıya köçdü. Biz Şirvanlı məscidinin yanında Kolodezniya (indi Ağamalı oğlu) kü­çəsində olurduq. Bir dəfə gördüm uşaqlar küçədə oxuyurlar: «Çöldə bir eşşəyim var, adı Şaumyandır.» Mən dayımdan soruşdum: «Dayı, Şaumyan kimdir?» O, dedi: “1918-ci ilə o, Bakının böyüyü olub. Onun vaxtında Bakıda da erməni-müsəlman qırğını olub. Şamaxıya da Styopa Lalayevin dəstəsini o göndərib. Şaumyan öz dostlarına deyərmiş ki, mən əvvəl erməniyəm, sonra bolşevik”.

Mən sonralar Mikoyanın xatiratını oxuyanda  təəccüb etdim. O yazırdı: «Erməni əsgərləri namusla və yaxşı vuruşmuşlar. Onun bu yalanı haqqında mən yoldaş Suslova məlumat verdim. Moskva nəşriyyatından cavab gəldi ki, Mikoyanın kitabını Azərbaycan tarixçiləri oxuyub, ona müsbət rəy vermişlər.

Səbuhi Şəldiyev

Paritet.- 2010. 3-4 may

Bu xəbəri paylaşın:
  • 10
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •