AVMVİB sədri Füzuli Rzaquliyevin ad gününə sözardı…

Bizim başladığımız yol öncə Tanrının rizasıyla bir qardaşlıq yoludur. Atadan, anadan qalma bir mirasdır qardaşlıq. Səngər desəniz, savaş desəniz adladıq. Ölüm desəniz gözünə dik baxdıq. Mənim üçün qardaş dünyada bərabəri olmayan bir dost deməkdir. Dostluq da elə sonu yaxşı olsa, qardaşlıqla bitər. Ən yaxşısı elə qardaşdır. «Qardaş» sözünü altı hərfə sığışdırıblar, amma mən bu sözü yerə göyə sığışdıra bilmədim. Çünki elə qardaş demək birlikdə bir dünyaya qarşı çıxmaq deməkdir. Qardaşlıq sözlərlə deyil, qəlbin döyüntüləriylə bilinən bir duyğudur…


Nə yaxşı ki, varsan Qardaş! Nə yaxşı ki, qardaşımsan, Füzuli Rzaquliyev. Ad günün mübarək!


O, Tanrı tərəfindən savaşçı kimi göndərilənlərimizdəndi. Savaş başlayandan silaha sarıldı. Cəbhədən cəbhəyə, səngərdən səngərə atıldı. Nihat Asyanın bir sözü var, şəhid olmağı gözə almayan əsgər, qazi ola bilməz. Şəhid olmağı gözə alanlardan biri də qazimiz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevdir.


Birincilərin sırasında Əfsanəvi Birinci batalonun yaradılmasında iştirak edən az saylı zabitlərimizdən biriydi Füzuli Rzaquliyev.


Koroğlu ləqəbli Füzuli Rzaquliyevin Sarısudan (Buzluq, Manaşid, Todan) başlanan döyüş yolu Daşaltı, Şuşa, Laçın (40 kəndin azad edilməsi əməliyyatları), Kəlbəcər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdən keçdi. «Ayaqlarım, qollarım, gözlərim olmadan yaşaya bilərəm. Ancaq vətənim olmadan, yaşaya bilmərəm», deyən qazimizdir, Füzuli bəy.

Gənclərimizə dönə-dönə Qazi Atatürkün «Analar oğul doğa bilər, amma analar Türkiyə doğa bilməz»-deyə Vətənin müdafiəsinə çağrış edən bir komandirimizdir, Füzuli Rzaquliyev. İllərdir ki, döyüşçülərin hüquqlarının müdafiə olunmasında öndədir və bu illər ərzində gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun tərbiyyəsi istiqamətində misilsiz işlər görülməsi, məhz onun adıyla bağlıdır. Minlərlə görüşün təşkili və keçirilməsi sizlərə asan gəlməsin.


Qazilər, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, canıyla, qanıyla torpağı Vətən, insanı ulus edən dəyərlərdir. Döyüşçünü özünə borclu bilən fərarilər bunu anlamazlar. 44 günlük Vətən müharibəsi günlərində daim öndə olan Füzuli Rzaquliyev bu müharibədə öz oğlunun döyüş yoldaşı kimi iştirak etdi. 29 il öncə geridə qoyub getdiyi 6 yaşlı İlkin Rzaquliyev bu dəfə bir zabit kimi onun özünü arxada qoymuşdu. Ən qızğın döyüşlər gedən Füzuli, Cəbrayıl, Xocavənd uğrunda vuruşurdu. Köhnə döyüşçü üçün bundan ağır sınaq yoxdu. Talelərin bir mərmidən və güllədən asıldığı bir məkanda, yanan güllələrin mələk üzlü əsgərlərimizin həyatını söndürdüyü anları yaşamaq da varmış, komandir Füzuli Rzaquliyevin qismətində. Qəzan mübarək, komutan!..


Çünki «Bu Vətən çörəyini yediyimiz kimi, onun uğrunda qurğuşun yeməyi də bilirik»-dediyinizi bilirik. Hələ də döyüşçünü özünə borclu bilən fərarilər, belə şeyləri anlamazlar. Biz güllələrimizi sayanda, onlar pullarını sayırdılar. Ona görə də anlamazlar bizləri. Fikrət Tuncərin «Əsgər məktubu» şeirində bir sual var:


Buralarda savaş var,
Oralarda çiçək varmı?
Varsa sor ona,
Niyə qoxusu gəlmir,
Sizə gəldiyi qədər?


O sualın cavabını illərlə aradım. Tapa bilmədim. Qismətdən bizim güllər də barıt qoxuyar. Bizləri öncə analar, sonra isə döyüş səngərləri doğar. Ona görə də döyüşçülər eyni anadan olanlar kimi bir-birinin qardaşıdır. Dini, irqi və milli bir fərq olmadan döyüşçülər qardaşdılar. Nə xoş ki, bu qardaşlaşan 84 minlik qardaşlar ordusunun başında Siz varsınız, Füzuli bəy!


Həm coşqun, həm yorğun, bir il də keçdi…İllərcə arzuladığın Zəfər müjdəli bir il. Şuşalı, Laçınlı, Ağdamlı, Cəbrayıllı… bir il.


Olsun. Çoxluca belə illər yola salasan və Türk şairi Ataol Behramoğlunun bu şeirini 61 yaşına ərməğan edirəm:


Toprağa düşen,
Ona «Haydi,
Savaşa dediler…
Başkaca birşey
Söylemediler.
Aldılar köyünden,
Davulla zurnayla.
Geride üç çocuk
Bir eş ve bir ana.
Eline bir silah,
Tutuşturdular.
Ve karşılaştı,
Düşman ordular.
Vurulup düştü,
Bir çatışmada
Göğsünde bir oyuk,
Üç delik alnında…
«Ey bu topraklar için,
Toprağa düşen».
Bir karış toprağın,
Varmıydı yaşarken?..

Bu sadəcə bir təbrik yazısıdır. Sözlər aciz olur bəzən. Bütün gözəlliklər sənin olsun və bu gözəlliklər içində 100 yaşa!

P.S. Dəyərli şairəmiz Nəsibə İsrafilqızının Füzuli Rzaquliyevə həsr etdiyi «A Dağlar Oğlu», İfa: Miriləm Mirələmov, Musiqisi: Yaqut Almaz


P.P.S. Bu rəsmi mərhum rəssamımız Gündüz Əlizadə Kəlbəcər, Ağdərə uğrunda gedən döyüşlər zamanı çəkmişdi…

Xaqani Ədəboğlu

Bu xəbəri paylaşın: