Qazaxıstanda etirazlar avtomobillərdə istifadə olunan sıxılmış qazının qiymətinin 60 təngədən (23 qəpik) 120 təngəyə (47 qəpik) qaldırılması ilə başladı. Regionda enerjidaşıyıcılarının ən aşağı qiyməti həmişə Qazaxıstanda olub və əhali bunu labüd saymağa alışıb. İndi isə hökumətin qərarına uyğun olaraq, yanvarın 1-dən qazın qiymətinin elektron birjalarda bazar şəraitinə uyğun müəyyənləşdirilməsinə keçildi. Bu da dərhal qiymətin iki dəfə artmasına səbəb oldu.
Qiymətin artmasına cavab olaraq, ilk mitinqlər yanvarın 2-də neft sənayesinin cəmləşdiyi Manqıştau bölgəsində keçirildi. Yanvarın 4-də hökumət vəd etdi ki, etirazçıların tələbləri yerinə yetirilərək, qazın qiyməti əvvəlkindən də aşağı – 50 təngəyə (20 qəpik) salınacaq.
Məntiqlə, bununla hər şey qurtarmalı idi. Çünki etirazlarda irəli sürülən əsas tələb artıqlaması ilə yeriə yetirilmişdi. Lakin əksinə, etirazlar genişlənməyə və ölkənin digər yerlərinə də yayılmağa, üstəlik, getdikcə siyasi xarakter almağa başladı.
Hökumətin istefası və əvvəllər məhkum edilən bəzi şəxslərin buraxılması tələbləri irəli sürüldü.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
Tokayev eks-prezident Nursultan Nazarbayevin Milli Təhlükəsizlik Şurasının sədri postundan azad olunduğunu bildirib.
O, bu gündən Təhlükəsizlik Şurasına sədrlik edəcəyini söyləyib.

Tokayev tezliklə yeni təkliflər paketi ilə çıxış edəcəyini və hazırda paytaxt Astanada olduğunu da qeyd edib. O, paytaxtı tərk etməyəcəyini söyləyib.
Prezident Qazaxıstanda etirazlar zamanı asayiş keşikçiləri arasında qətlə yetirilən şəxslərin olduğunu söyləyib.
