II Ağa bəy Kolanı: Sərkərdəlikdən mülkədarlığa kimi

II Ağa bəy Qarabağda bin tutub, buta bağlayan Kolanı elinin Şıxavənd oymağının Ağabəyli tayfasına bağlıdır. Onun mənsub olduğu oymaq və tayfa özünü Şah İsmayıl Səfəvinin nəslindən sayırdı. Maraqlıdır ki, Kolanı elində soy duyğusu çox güclü idi.

II Ağa bəyin babası Ağa bəy XVIII yüzilliyin önlərində Qarabağın Kolanı mahalının Şıxavənd oymağında yaşamışdı. Oymaqbəyi, obabaşı idi. Şıxavənd obasını yaylaq-qışlağa, döyüşlərə aparırdı.

Ağa bəyin Həsən bəy adlı oğlu var idi.

Atası Həsən bəy Ağa bəy oğlu XVIII yüzilliyin ortalarında yaşamışdı. İbrahimxəlil xan Sarıcalı-Cavanşirə qulluq еtmişdi.

Həsən bəyin Ağa bəy, Əli bəy, Məhəmməd bəy və Əhməd bəy adlı oğlanları vardı.

II Ağa bəy Həsən bəy oğlu XVIII yüzilliyin sonlarında, XIX önlərində yaşamışdı. İbtidai təhsilini molla yanında, orta təhsilini mədrəsədə almışdı. Qarabağ hakimi Mеhdiqulu xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmində (1806-1822) Kolanı mahalının naibi olmuşdu. Qarabağda naiblər iri feodallardan, köklü hərbi-köçəri əmirlərdən təyin olunurdular.

II Ağa bəyin igidliyini, xidmətini nəzərə alan xan, Xaçın mahalında qərar tutan Aqmahı kəndini ona bağışlamışdı.

II Ağa bəy Mеhdiqulu xanla bərabər İrana qaçmışdı. Bir müddət Qacarlar dövlətinə bağlı olan Dərəlyəz mahalında yaşamışdı. 1827-ci ildə qayıdıb doğma obasında yaşamışdı.

II Ağa bəy rus üsul-idarəsi dövründə mülkədar kimi kənd və rəiyyətlərini idarə etməklə güzəran keçirmişdi. Qarabağ şairlərindən Baba bəy Şakir və Qasım bəy Zakirlə dostluq edirdi.

Rus üsul-idarəsi dünəmində Kolanı mahalı Cavanşir qəzasının tərkibinə qatıldı. 1831-ci ildə Əmiraslan bəy Sarıcalı-Cavanşiri mahal naibi təyin еtdilər. Baba bəy Şakir yazırdı:

Еy Kolanı, yanıram mən sizin əhvalınıza,
Qəmər Əqrəbdə imiş, ilan çıxıb falınıza,
Mindiribdir köpəyi qısqırıban dalınıza,
Qapınızda nə ki, var, qəsd еdərək malınıza
Söyərək ardınızı, sonra sizə dan gəlir…

II Ağa bəy Niftalı bəyin qızı Hüsnücahan xanımla ailə qurmuşdu. Bala bəy, İsmayıl bəy, Cəfərqulu bəy, Abbasqulu bəy və Hüsеynəli bəy adlı oğlanları, Şamama xanım və Fatma xanım adlı qızları vardı.

На изображении может находиться: один или несколько человек и часть тела крупным планом

Ənvər Çingizoğlu
Jurnalist-etnoqraf

Bu xəbəri paylaşın: