QARA NİYYƏTLƏR ORTADA…

Elbariz Məmmədli

Hadisələrə müxtəlif istiqamətlərdən və bir-birinə ziddiyyət təşkil edən fikirlər bildirilir. Əsas olan odur ki, qazax xalqı küçələrə axışdı və bir neçə saatdan sonra at izi ilə it izi tanınmaz oldu. Fəqət, hadisələrin alt qatında nəyin olduğunu hələlik qətiyyətlə söyləmək qeyri mümkündür. Amma hadisələrin canlanmasına rusların çoxluq təşkil etdiyi Pavlodar və digər yaşayış məskənlərinin də qoşulmasından Kreml iyi gəlir. Baxın, sovetlərin süqutundan sonra Orta Asiyada sənayeləşən ilk ölkə Qazaxıstan oldu.

Moskvanın düşmən həmlələrinə ilk təpki Nursultan Nazarbayevdən gəldi. Almatının paytaxt kimi başqa şəhərlə əvəzlənməsi, Türkçülüyün və Turançılığın qabardılması burdan başladı. Hamımızın xatırladığımız neofaşist jirinovskilərin qazax dövlətinə və xalqına qarşı şər, böhtanları bundan sonra geniş xarakter aldı.

Dünənki hadisələr zamanı Qazaxıstan Təhlükəsizlik Şurasının rəhbəri Nazarbayev vəzifəsindən azad olundu, hökumət istefaya göndərildi. Amma təəssüf ki, sonu itkilərlə bitən qanlı qarşıdurmalar səngimədi. Deməli, xalqın haqlı narazılığını ustalıqla qana yönəldən yad qüvvələr hadisələrin axarını istədikləri istiqamətə yönəldə bildilər. Son məlumata görə, ölkə prezidenti Kasım-Jomart Tokayev KTMT-yə müraciət edərək, hadisələrin stabil axara salınması üçün onlardan kömək istəyib. (Yadınızdadırsa, bir müddət əvvəl həmin Tokayev erməniləri də müdafiə etmişdi. Onun Türk birliyinə isti yanaşacağı heç cür ağlabatan deyil. Bu gün rusu çağıran, sabah çinliləri də çağırar) Rusiya və Belorus müraciətə müsbət cavab verməklə, hadisələri daha ciddi istiqamətə yönəldiblər. Hətta bəzi məlumatlara görə, hər iki dövlətin xüsusi hazırlıqlı desant dəstələrinin Qazaxıstana eniş etdiyi bildirilir.

Üsyançıların irəli sürdüyü tələbləri xatırlayın. Burda Qərbə inteqrasiyaya və ölkənin KTMT-dən çıxmasına yönəlik fikirlər də səslənirdi.

Qan yuvası Kreml də bundan ustalıqla yararlanmağı bacardı. Ən əsası, onların caynağını uzanmağa qoymayan Nazarbayev sıradan çıxarıldı və bundan sonra onun hökm sahibi olacağı sual altındadır. Ola bilsin ki, ölkədəki müxalif siyasi qüvvələrin həkimiyyətə yönəltdiyi tələblər də Kremlin namərd üsulları ilə ortaya atılmışdı. Xalq sosial tələblə küçələrə tökülür, Tokayev tələblərə baxılacağını deyir və tələblərin miqyası dəyişir.

Deməli, ruslar yenə də öz oyunlarını oynadılar. Türk Dövlətləri Təşkilatının təməl daşlarından olan ölkələrdən birini qarışdırdılar. Bəlkə də hadisələr sosial tələblərin yerinə yetirilməsi yönündə davam etsəydi, ruslar bu cür aktivləşməzdilər. Hər halda Rusiya əlinə düşən bu çirkin imkandan lazımınca istifadə etmək niyyətlərindən kənara addım atmayacaq. İndi əsas yük artıq dağıdıcılıqda suçlanan qazax xalqının üzərinə düşür. Əgər birliyini və bütövlüyünü qoruya bilsə…

Azərbaycanda da eynilə Rusiyanın namərd siyasətinə xaincəsinə xidmət göstərən qüvvələr var. Məhz onların maraqlarına xidmət edən bahalaşmalar millətin fikrini əsas problemlərdən yayındırmağa yönəlib. Yəni, millət çörəklə imtahana çəkilərək, diqqətini Qarabağdan yayındırmağa məcbur edilib. Arzuladığımız məqsədlərə çatmaq üçün qarşımızda əzablı bir yol var. Bu yolu qət etmək isə, bütövlüyünü qorumağı bacaranlara məxsusdur. Biz də bunu bacaracağıq. Kiminsə murdar əli kömək adı ilə aramıza soxulmadan…

Bu xəbəri paylaşın: