Azərbaycanda köhnə döyüşçü veteranlar illərdir ki, hərbi yolla torpaqlarımızın alınmasının tərəfdarı kimi çıxışlar edirdilər. Hətta bu çıxışlar bəzi xainlərin, patsefistlərin xoşuna gəlmirdi. İllərlə gözlədiyimiz an gəldi. Bu gün bizlərin günüydü. Çünki qazilər şərəflənmiş insanlar olaraq öndə olmalıydılar. Ali Baş Komandanın çağırışına səs verməliydilər. Kimi övladıyla, kimi canıyla və kimi də dəstəyiylə cəbhələrə can atırdı.



Belə Vətən oğullarından biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, 1-ci Qarabağ döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, II dərəcə Vətən müharibəsi əlili Xəlil (Mürşüd) Abbasov idi. O, 44 günlük Vətən müharibəsi günlərində ordumuzun tərkibində bir sıra əməliyyatlarda əlində silah olaraq iştirak etdi. Onun keçdiyi döyüş yolu hər daşına, hər cığırına bələd olduğu Laçın rayonunun bir sıra kəndlərinin azad olunması uğrunda gedən döyüşlərdən keçdi. Köhnə döyüşçülər bu savaşda da öz sözlərini dedilər. Məhz Xəlil Abbasov kimi cəsur veteranlarımız sayəsində və şanlı ordumuz sayəsində şəhid qardaşlarımızın qisası yerdə qalmadı.
Bu yolda şəhid olanlara Allah rəhmət eləsin! Vətənimizin öz torpaqlarına qovuşduğunu görmədən sıralarımızı tərk etmiş döyüşçülərə də Allahdan rəhmətlər diləyib «Cansa can, qansa qan, təki sən yaşa, Azərbaycan!» deyib irəli atılanlara isə can sağlığı arzulayırıq. Vətən sizləri unutmaz və unutmamalıdır.
Xəlil Abbasov bu savaşdan kənarda qala bilmədi. Əsil döyüşçü kimi «Vətənim üçün verə biləcəyim birdən çox canım olmamasına görə üzgünəm» dedi. Əzəli yurd yerlərimizə müqəddəs 3 rəngli bayrağımızı dikmək üçün Xəlil Abbasov öndəydi. Türkiyənin siyasi xadimi Möhsün Yazıçıoğlunun dediyi kimi: «Bu bayraq elə bir bayraqdır ki, içində Vətən var, tökülən qan var, iki cahan var. Din var, iman vardır»…



Xəlil Abbasov bir müharibə veteranı kimi öz döyüş yolu ilə bir həqiqəti çatdırdı: «Biz yaşamaq üçün doğulmamışıq ki, ölməkdən qorxaq». Vətənimiz yaralıykən onu sarımayan oğul sayılmamalıdır. Düşmən əhatəsində hər kəsin döyüşçü olması vacibdir. Biz veteranlar olaraq bu həqiqəti daha yaxşı anlamaqdayıq. Bu döyüşçülərin önündə adı gələn Xəlil (Mürşüd) Abbasovun Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvü kimi 44 günlük Vətən müharibəsindəki xidmətləri AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib. Xəlil Abbasovun döyüş yolu haqqında danışan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev bildirdi ki, Xəlil Abbasov düşmənə qarşı əldə silah döyüşən könüllü müharibə veteranlarımızdandı.
Təcrübəli döyüşçü kimi onun döyüşən orduyla birgə olması və Birinci Qarabağ döyüşlərində qazandığı təcrübəni gənc əsgərlərimizlə paylaşması əhəmiyyətli bir addımdır. O, bir döyüşçü kimi bunu Vətən borcu kimi etdiyini bilirik. O günlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında hər bir müharibə veteranı döyüşməyə hazır idi və bu bizim arzumuz idi. Bu gün, məhz şanlı ordumuzun, Xəlil kimi döyüşçülərin qəhrəmanlığı sayəsində şəhidlərimizin qisası alınıb. Torpaqlarımız mənfur düşmənlərdən təmizlənib. Şərəf duyduğumuz tarixi yenidən yazanların sırasında müharibə veteranlarımızın olması iki qat qürurverici amildir. Allah əsgərlərimizi qorusun! Xəlil Abbasovun simasında bütün müharibə veteranlarımızı qorusun. Bu insanların həyatı gələcək nəsillərə örnək olaraq öyrənilməli və təbliğ olunmalıdır.
Onun üçün ən böyük mükafat isə doğma Laçınımızın azadlığı olduğunu yaxşı bilirik. X. Abbasov bu gün səbrsizliklə qəhrəman Laçın elatının doğma yurdlara qayıdacağı günü gözləməkdədir.


Xatırladım ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən və işğala məruz qalan 7 rayondan biri idi. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da X. Abbasovun da tərkibində döyüşlərə qatıldığı Azərbaycan Ordusu Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizləyib. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan kapitulyasiyasını elan edib.
Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər kimi Azərbaycana təhvil verməli olub. Artıq alternativ yolun çəkilişiylə Laçın şəhəri də mənfur düşmənlərdən təmizlənib.
Vətən şəhid qanları sayəsində Vətən olur. Vətən şəhidliyi gözə alan şərəfli döyüşçülər sayəsində göz bəbəyi kimi qorunur. Vətən üçün gözünü qırpmadan canını ortaya qoyan qəhrəman oğullara salam olsun. Bu sırada öz adını Xəlil Abbasov kimi yazdıran bütün döyüşçülərə eşq olsun!
Qarabağ Azərbaycandır!
Nurlan Məmmədli

